Türkiyədə baş verən zəlzələ ilə bağlı qardaş ölkəyə yollanan Fövqəladə Hallar Nazirliyinin xilasedicilərindən ibarət bir qrup əməkdaşı Adanaya çatıb.

"Unikal" xəbər verir ki, FHN əməkdaşlarını daşıyan təyyarə Şakirpaşa Hava Limanına eniş edib.

***14:01

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 400 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.

"Unikal" xəbər verir ki, qüvvələrin tərkibinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyəti daxildir.

Axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə, o cümlədən xüsusi təlim görmüş xilasetmə itləri ilə təmin olunmuş qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.