Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi-tədris laboratoriyasının psixoloqu, İdman psixologiyası SABAH qrupunun müəllimi Nərmin Əhmədzadə Qazaxıstanın paytaxtı Astanada bu ölkənin İdmanın İnkişafı Müdirliyinin dəstəyi ilə təşkil olunan və idman psixologiyasına həsr edilən "Gadam Hub" konfransında spiker qismində çıxış edib. Qeyd edək ki, bu mövzu üzrə konfrans Qazaxıstanda ilk dəfə keçirilib. Tədbirin əsas məqsədi idmançıların şəxsiyyətinin hərtərəfli inkişafı, onların ümumi və psixoloji mədəniyyətinin artırılmasıdır.
"Unikal" xəbər verir ki, tədbirdə iştirak etmək üçün 150-dən çox nümayəndə qeydiyyatdan keçib. Onların arasında idman psixoloqları, idmançılar, həkimlər, müxtəlif federasiyaların baş məşqçiləri, eləcə də idman sahəsində çalışan digər əməkdaşlar olub.
Konfrans zamanı "Ötən ilin pərdəsi” adlı mövzu çərçivəsində Mədəniyyət və İdman Nazirliyi, İdman və Bədən Tərbiyəsi Komitəsi və İdmanın İnkişafı Müdirliyinin rəhbər heyəti baş məşqçilərin fikirlərini dinləyiblər. Bildirilib ki, araşdırmalar zamanı idmançı və məşqçi heyətinin idman psixologiyası ilə bağlı xeyli çatışmazlıqlarının olması ortaya çıxıb. Bu səbəbdən də onlarla psixoloji iş sıx və səmərəli şəkildə aparılmalıdır.
Çıxışlar zamanı vurğulanıb ki, bu il Qazaxıstan idmançılarını 6 kompleks yarış gözləyir və bunların arasında ən önəmlisi Çin Xalq Respublikasında təşkil olunacaq Asiya Oyunlarıdır. Sitat: “Azərbaycandan xüsusi qonağımızın gəlişinin Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyaların qazanılmasında böyük rol oynayacağına əminəm. İnanıram ki, növbəti tədbir daha çox iştirakçı toplayacaq", - deyə Qazaxıstanın İdmanın İnkişafı Müdirliyinin direktoru Oralbay Jaxımbetov bildirib.
2 günlük kollegial iclas zamanı psixologiyanın əsasları və yarışlar zamanı idmançıların hərtərəfli müayinəsinin müasir metodları barədə danışılıb, gələcəkdə birgə iş təklifləri nəzərdən keçirilib və qəbul edilən qərarlar ətraflı müzakirə edilib.
Konfransın yekununda təşkilatçılar qonaqlara və məruzəçilərə təşəkkür edərək bu formatda əməkdaşlığın davam etdiriləcəyini bildiriblər.