Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində üzərində odlu silah gəzdirən, məzildən oğurluq edən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutularaq istintaqa təqdim olunublar. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında üzərində narkotik vasitə və odlu silah-sursat daşımaqda şübhəli bilinən Gəncə şəhər sakini Heydər Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 31 qram heroin, külli miqdarda metamfetamin, eləcə də “Makarov” markalı tapança, həmin silaha məxsus 6 ədəd patron və sandıqça aşkar edilərək götürülüb. 

Şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı isə Göyçay şəhər sakini Elvin Ədilov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən heroin aşkarlanaraq maddi sübut kimi istintaqa təhvil verilib.

Keçirilmiş digər əməliyyat-axtarış tədbiri nəticəsində isə fərdi yaşayış evindən oğurluq edən şəxs tutulub. Belə ki, şəhər ərazisində yerləşən mənzillərin birindən 2 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zəruri prosessual hərəkətlər yerinə yetirilib. Keçirilən tədbirlərlə cinayəti törədən şəxsin rayon sakini Natiq Soltanov olduğu müəyyən edilib və o, tutularaq istintaqa təhvil verilib. Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib və oğurladığı qızılları borclu olduğu şəxsə verdiyini bildirib. 

Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.