Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələri ilə bağlı Yol Xəritəsində bu nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı 4 istiqamət müəyyən olunub.
"Unikal" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov bu gün keçirilən "Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı" mövzusunda konfransda deyib.
O, bildirib ki, bunlar elektrik mühərrikli və hibrid nəqliyyat vasitələri sahəsində təhlillər və qiymətləndirmənin aparılması, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı təkliflərin hazırlanması, elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi üzrə maliyyə əlçatanlığının təmin edilməsi, elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin təşviqi üzrə zəruri infrastrukturun yaradılmasıdır:
"Aparılan təhlillərlə müəyyən edilib ki, Azərbaycana elektrik mühərrikli avtomobillərin idxalı 2019-cu ildə 132 ədəd, 2020-ci ildə 167 ədəd, 2021-ci ildə 160 ədəd olub. Hibrid avtomobillərin isə idxalı 2019- cu ildə 3 645 ədəd, 2020-ci ildə 5 081 ədəd, 2021-ci ildə 12 936 ədəd təşkil edib. Atılan addımlar nəticəsində ötən ll Azərbaycana idxal edilən elektrik mühərrikli avtomobillərin sayı artaraq 486 ədəd olub. 2023-cü ildə isə fevralın 20-nə qədər bu avtomobillərin idxalı 195 ədəd təşkil edib. İstehsal tarixi 3 ildən və mühərrikin həcmi 2 500 kubsantimetrdən çox olan hibrid avtomobillərin isə sayı ötən il 3 026 ədəd olub (2021-ci ildə 805 ədəd). Bu il fevralın 20-nə qədər isə bu avtomobillərin idxalı 673 ədəd təşkil edib".
İ.Hüseynov əlavə edib, maliyyə əlçatanlığının təmin olunması istiqamətində atılan addımlar nəticəsində elektrik mühərrikli avtomobil üçün kredit alarkən ilkin ödəniş 10 %, hibrid müəhrrikli avtomobil üçün isə 20 % təşkil edir: "Əvvəllər isə ilkin ödəniş 40 % idi".