"Ermənistanın Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Rusiya sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərinə silah və sursatlar daşınması bir daha təsdiq edir ki, qısa zamanda sərhəd nəzarət-buraxılış rejiminin tətbiqinə ehtiyac var".
"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, sərhəd nəzarət-buraxılış məntəqələrinin yaradılması sülh danışıqlarında əsas istiqamət olan ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə uyğundur:
"Qarabağ Azərbaycanın ayrılmaz hissəsi və iqtisadi rayonlarından biridir. Bu baxımdan, Azərbaycanın istənilən ərazisi ilə digər ölkələr arasındakı əlaqələr suverenlik prinsiplərinə uyğun olaraq əmtəə və insanların hərəkətinin nəzarət-buraxılış məntəqələrində qeydiyyatı ilə reallaşmalıdır. Qeyd etmək lazımdır ki, Ermənistan Azərbaycanın gömrük rüsumundan yayınaraq 30 illik işğal dövründə qanunsuz yükdaşımalarla milyardlarla dollar həcmində Azərbaycan iqtisadiyyatına ziyan vurub. Hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan bölgədə Azərbaycan Dövlət Gömrük Komitəsinin gömrük postlarının qurulması labüddür. Beynəlxalq hüquq da Azərbaycanın bütün suveren ərazisində gömrük nəzarətinin təşkilini dəstəkləyir.
Ötən gün baş verən hadisə bir daha göstərdi ki, sərhəd nəzarət-buraxılış məntəqələrinin yaradılması birbaşa bölgədə sülh və stabilliyin əldə edilməsi baxımından vacibdir. Dayanıqlı sülh yalnız qarşılıqlı olaraq ölkələrin ərazi bütövlüyü və suverenliyinin tanınması halında mümkündür".
Seymur Əli