Biomüxtəlifliyin mühafizəsinə, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə növbəti balıq buraxılışı Qızılağac Milli Parkı ərazisində keçirilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Unikal"a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, Fövqəladə Hallar Nazirliyinin və Su Nəqliyyatında Polis İdarəsinin regional bölmələrinin, Lənkəran, Masallı və Neftçala Rayon İcra Hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə milli parkın ərazisində yerləşən Kiçik Qızılağac körfəzinə 60 000 ədəd çəkikimi balıq körpəsi buraxılıb.

Xidmət rəisi balıq yetişdirən müəssisələri balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verməyə, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən imtina etməyə çağırıb.