Martın 18-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında Cəmiyyətin Mərkəzi Aparatı və yerli istismar idarələri fəal iştirak ediblər. 

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov "Unikal"a bildirib ki, Aksiyanın keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi üçün apardığı ekoloji siyasətin, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə göstərdiyi xüsusi diqqətin davamı olaraq ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndərin əziz xatirəsini yad etmək, onun doğma təbiətimizə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə son illərdə respublikamızda ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində genişmiqyaslı və ardıcıl tədbirlər görülür, xüsusilə, Bakı şəhərinin “ağciyəri” sayılan yaşıl guşələrin dairəsi genişləndirilir, müasir parklar, yeni yaşıllıq zolaqları salınır, ekoloji siyasət uğurla həyata keçirilir. 
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi də könüllü olaraq ağacəkmə kampaniyasında fəal iştirak edib. 

Aksiya zamanı xüsusi ayrılmış ərazilərdə, su təsərrüfatı obyektlərinin ətrafında, yerli istismar idarələrinin həyətində 12182 ədəd ağac əkilib. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.