2023-cü ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyəyə neft nəqli 2022-ci ilin analoji dövründəki 32,562 milyon barellə müqayisədə 35,048 milyon barel təşkil edib.
"Unikal" bu barədə trend-ə istinadən xəbər verir.
Beləliklə, BTC ilə Türkiyəyə neft tədarükü illik hesablamada 7,6 faiz artıb.
Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu 1768 km təşkil edir, 443 km Azərbaycan ərazisindən, 249 km Gürcüstan ərazisindən, 1076 km isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşası 2003-cü ilin aprel ayında başladılıb, 2005-ci il mayın 18-də boru kəmərinə neft yüklənib.
2002-ci ilin avqust ayında layihənin icrası üçün təsis edilmiş BTC Co. şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp (30,1 faiz), AzBTC (25 faiz), MOL (8,9 faiz), Equinor (8,71 faiz), ТРАО (6,53 faiz), Eni (5 faiz), Total (5 faiz), Itochu (3,4 faiz), Inpex (2,5 faiz), ExxonMobil (2,5 faiz) və ONGC (2,36 faiz).
Bakı-Tbilisi-Ceyhan boru xətti ilə neft 2006-cı ildə kommersiya məqsədi ilə neft nəqli başladıqdan sonra 2022-ci ilin sonunadək 4 milyard bareldən artıq neft nəql olunub.