Gələn il yanvarın 1-dən Azərbaycanda vergi ödəyicilərinin vergi orqanının verdiyi kod-parolla elektron kabinetə daxil olmaq imkanları məhdudlaşdırılacaq.
Bu barədə "Unikal"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, vergi ödəyiciləri yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə bu imkandan yararlana biləcəklər.
"Gücləndirilmiş elektron imza vergi ödəyiciləri üçün daha geniş imkanlar yaradır. Belə ki, elektron imza vasitəsilə vergi bəyannamələrinin elektron qaydada təqdim edilməsi, fiziki şəxslərlə bağlanmış əmək müqavilələrinin hüquqi qüvvəyə minməsi üçün “Əmək müqaviləsi Bildirişi”nin elektron qeydiyyata alınması, mal, iş və xidmətlərlə bağlı elektron qaimə-faktura göndərmək və bu kimi sayı daim artan digər elektron xidmətlərin icrası mümkündür. Gücləndirilmiş elektron imzası olan vergi ödəyiciləri istər mobil telefon, istər kompüter və digər mobil qurğular vasitəsilə bütün elektron xidmətlərdən maneəsiz və təhlükəsiz istifadə edə bilirlər.
Elektron kabinetinə daxil olmaq, “Əmək müqaviləsi Bildirişi”ni elektron qeydiyyata almaq, vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı elektron qaimə-faktura göndərmək və digər elektron xidmətlərdən faydalanmaq üçün gücləndirilmiş elektron imzanın ("ASAN İmza") əldə edilməsi zəruridir", - deyə məlumatda qeyd olunub.