"Nazirin qiymət artımı olmayacaq deməyi ilə razı deyiləm. Burada çox ciddi qiymət artımı nəzərdə tutulur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, bu tək iqtisadi deyil, həm də sosial, siyasi qanundur:
"Bu qanun layihəsində 3 mərhələ (2025, 2025-2028, 2028-ci ildən sonra) nəzərdə tutulur. 2025-ci ilə qədər, 2028-ci ilə qədər və 2028-ci ildən sonra. 2025-ci ilə qədər Azərbaycanda parlament və prezident seçkiləri nəzərdə tutulub. Belə bir qanun layihəsi ilə seçkiyə getməyin nə qədər mənfi amillərə gətirib çıxartması özünü açıq-aşkar göstərəcək. Təklif etdi ki, qanun layihəsini həyata keçirmək üçün bu mərhələləri dəyişmək lazımdır. 2025-ci ildən deyil, 2027-2028-ci ildən tətbiqinə başlayaq. Pilot layihələr həyata keçirib görək ki, rentabelliyini göstərəckmi? Kim deyirsə ki, bu tariflərə toxunmayacaq, mümkün deyil. Şirkət investisiya qoyursa, mənfəət əldə etməlidir. Qanun layihəsi üzərində işləyək. Bu qanun layihəsi qəbul olunsa, ayrıca mətbuat konfransı keçirəcəm. Millətə də məlumat verəcəm ki, bu qanun layihəsi ciddi problemlərə gətirib çıxaracaq. Bayaq da qeyd etdim ki, qarşıdan parlament və prezident seçkiləri gəlir. Siz bizə sürpriz hazırlamayın. Bizim ona ehtiyacımız yoxdur".
Qeyd edək ki, “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, qanunun qəbulu qiymətlərin artması anlamına gəlməməlidir.
Anar Kəlbiyev