Bu il aprelin 1-nə respublika üzrə uçotda olan 1 milyon 430 min 739 vergiödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətindən "Unikal"a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,5 faiz, hüquqi şəxslərin sayı isə 9,9 faiz artıb. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88,5 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. İndiyədək 164 min 645 kommersiya qurumu, 20 min 937 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib.
Birinci rübdə fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 22,4 faiz artıb. Fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 26,6 faiz artıb. Hesabat dövründə 399 publik hüquqi şəxsi dövlət qeydiyyatına alınıb.