"Son illər Bosniya və Herseqovina ilə Azərbaycan arasında strateji və iqtisadi əlaqələrin dərinləşməsi müşahidə olunur. 2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 5.1 milyon dollar olub".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, ötən il Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı ticarət dövriyyəsi 3,2 dəfə artıb.
"2020-ci illə müqayisədə isə artım 7 dəfə olub. Aydındır ki, tərəflər arasında ticarət dövriyyəsinin artırılması üçün daha böyük potensial var. Azərbaycan Prezidentinin səfəri zamanı təşkil ediləcək müzakirələr bu imkanlardan daha çox faydalanmağa şərait yaradacaq. Bu baxımdan, Azərbaycan Prezidentinin Bosniya və Herseqovinaya səfəri ölkələr arasında münasibətlərin inkişafında yeni mərhələ olacaq. Bosniya və Herseqovina ilə həm enerji, həm də neftdən kənar sektorlar üzrə əməkdaşlıq imkanları var. Bosniya və Herseqovina da Azərbaycandan qaz almaq niyyətində olan ölkələrdəndir. Belə ki, İon-Adriatik (IAP) kəmərinin TAP-a inteqrasiyası mümkündür. Bu isə sözügedən ölkənin Azərbaycan qazından istifadəsinə gətirib çıxara bilər. İAP-ın ötürücülük qabiliyyəti ildə 5 milyard kubmetrdən çox olacaq. Avropada Azərbaycan mavi qazına tələb artır. Bu isə ölkənin geo-siyasi mövqeyinin daha güclənməsinə gətirib çıxarır".