İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 929:2023 “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” dövlət standartını qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə AZSTAND məlumat yayıb.
Məlumata görə, dövlət standartının qəbul edilməsində əsas məqsəd BMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi” üzrə Konvensiyasının “Su və Sağlamlıq Protokolu”na əsasən Azərbaycanın qəbul etdiyi Məqsədli Göstəricilərin icrasını təmin etməkdir. Bu standart - əhalinin maye kimi qəbul etməsi, yemək (qida) hazırlaması, digər məişət tələbatının ödənilməsi və qida məhsullarının istehsalında istifadə edilməsi üçün nəzərdə tutulmuş su təchizatı sistemləri vasitəsi ilə ötürülən keyfiyyətli və təhlükəsiz içməli suya şamil edilir.
Yeni standart “Qida məhsullarının keyfiyyəti və texnologiyası”nın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 33) müzakirəyə çıxarılıb, təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.