Naxçıvana yanacaq daşıyan nəqliyyat vasitələrindən İran tərəfinin təhlükəli yüklərin daşınmasına görə aldığı yol vergisinin məbləği 320 ABŞ dolları, digər xərclər isə 25 ABŞ dolları azaldılıb.
Bu barədə "Unikal"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Artıq Azərbaycan daşıyıcıları İrana və İrandan təhlükəli yüklərin daşınmasını həyata keçirərkən 520 ABŞ dolları deyil, 175 ABŞ dolları ödəyirlər. Həmçinin ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə verginin məbləğinin 38 tondan deyil, 41 tondan sonra hesablanması təsdiqlənib. Yüksüz maşınlar üçün rüsumun məbləği isə 105 ABŞ dollarından 85 ABŞ dollarına endirilib.
Razılaşdırılmış azadolmalar bu aydan tətbiq edilir. Nəticədə bu istiqamətdə beynəlxalq avtomobil daşımalarını həyata keçirən milli daşıyıcıların xərcləri təxminən 3 dəfəyə qədər azalıb. Bu da daşıyıcıların maliyyə vəziyyətinin yaxşılaşmasına və avtomobil nəqliyyatı parkının sürətli yenilənməsinə ciddi töhfə verəcək.