“Heydər Əliyevin 1969-cu ildə ilk dəfə Azərbaycanın rəhbəri təyin olunduğu vaxtdan ölkəmizin tərəqqi və rifah yolu başlayıb”.
"Unikal" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda keçirilən konfransda bildirib.
“Onun o dövrdə müəyyən etdiyi Azərbaycanın gələcək inkişafının mərkəzində iqtisadiyyatı əsaslı şəkildə dəyişmək, respublikanı xammal ixracatçısından hazır məhsul istehsalçısına çevirmək, kənd təsərrüfatını dirçəltmək, əhalinin sosial, mədəni və təhsil səviyyəsini yüksəltmək kimi hədəflər dayanıb. Qəbul olunmuş qərarlarla respublikanın sənaye əsasında inkişaf etdirilməsi, iri cihazqayırma, elektrotexnika, neft maşınqayırma müəssisələrinin yaradılmasının başlanğıcı qoyulub. Bir-birinin ardınca 250-dən çox yeni zavod, fabrik, istehsalat obyektləri işə salınıb. Azərbaycanda istehsal olunan 350 adda məhsul 65 ölkəyə ixrac olunmağa başlayıb. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi. Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün bu işlərə Heydər Əliyev şəxsən özü başçılıq edirdi. 1969-1982-ci illərdə həyata keçirilən sosial-iqtisadi proqramlar nəticəsində Azərbaycan sürətlə inkişaf edib və Sovet İttifaqında qabaqcıl respublikalardan birinə çevrilib”, - deyə o qeyd edib.
Nazir deyib ki, Heydər Əliyevin sovet dövründə Azərbaycanda gördüyü ən böyük işlərdən biri də təhsil sahəsi ilə bağlıdır:
“O zaman respublikada peşəkar mütəxəssis qıtlığını aradan qaldırmaq üçün hər il yüzlərlə gəncin Sovet İttifaqının nüfuzlu ali məktəblərinə göndərilərək onların yüksək təhsil alması təmin edilib. Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, azərbaycanlı gənclərin hərbi təhsilə cəlb olunması, minlərlə zabitin hərb sənətinə dərindən yiyələnməsi ölkəmizin bugünkü müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə əvəzsiz töhfələr verib. Ona görə də o dövrdə Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri - güclü milli kadr potensialının yaradılması olub”.
O əlavə edib ki, ikinci dəfə - 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtması ölkəmizin tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub:
“Qeyd etmək lazımdır ki, müstəqilliyin başlanğıcında ölkəmizdə makroiqtisadi stabillik pozulmuş, hiperinflyasiya baş vermiş, əhalinin istehlak malları ilə təminatında ciddi çətinliklər meydana gəlmişdi. Keçmiş İttifaq dövlətinin iqtisadi mexanizmlərinin işləməməsi, təsərrüfat əlaqələrin pozulması səbəbindən dövlət müəssisələrinin əksəriyyəti öz fəaliyyətlərini dayandırmışdılar. Heydər Əliyev özünün zəngin bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf yolunu dəqiq müəyyənləşdirdi. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri - azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, sənayenin inkişafı və sosial infrastrukturun yenilənməsi prioritet olaraq seçildi. Ölkə Prezidentinin rəhbərliyi ilə özəlləşdirilmənin I və II Dövlət Proqramları hazırlandı. İqtisadi inkişafı təmin etmək məqsədilə sahibkarlar üçün əlverişli mühit yaradıldı, qanunvericilik bazasının formalaşdırılmasına start verildi. Ulu öndərin təşəbbüsü ilə sahibkarlığın inkişafına dair dövlət proqramları qəbul edildi. Azərbaycanda torpaq islahatı da Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə aparılmış aqrar islahat nəticəsində kolxoz və sovxozlar ləğv edilərək, torpaqları torpaq payı almaq hüququ olan şəxslərə paylanıldı. Nəticədə 3 milyon 400 min Azərbaycan vətəndaşını torpaq mülkiyyətçisinə çevrildi. Ümummilli liderin əsasını qoyduğu milli maraqlara əsaslanan xarici siyasət kursunun uğurla həyata keçirilməsi sayəsində Azərbaycanın beynəlxalq münasibətləri də sürətlə inkişaf etdi, ölkəmizin dünyada müstəqil dövlət kimi nüfuzu artmağa başladı”.
M.Cabbarov deyib ki, “Əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycan iqtisadiyyatında əsaslı dönüş yaratdı:
“Uzaqgörən neft strategiyası ilə sürətlənən iqtisadi inkişaf sonrakı illərdə daha geniş vüsət aldı. Xüsusilə, neft və neft-kimya sənayesinin yenidən qurulması ölkəmizin gələcək inkişafının əsasını qoydu. Neft-qaz sektorunda həyata keçirilən böyük layihələr digər sahələrin də inkişafına təkan verdi. Heydər Əliyev xalqımızın əsrlər boyu qəlbində daşıdığı ən ümdə arzuları - Azərbaycanın əbədi müstəqil olması, qüdrətlənməsi və davamlı inkişafı yolunda bütün ömrünü sərf etdi, özünün möhtəşəm əsərini - müstəqil Azərbaycanı etibarlı əllərə əmanət etdi. Bu gün arzuları gerçəkliyə çevirməyi bacaran, həyat amalını hər zaman xalqın xidmətçisi olmaqda görən İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə görülən işlər, insanların sabaha olan inamını daha da artıran uğurlu nəticələr həm də dahi Heydər Əliyevin ruhu qarşısında bir hesabatdır. Qlobal çağırışlar fonunda inkişaf edən Azərbaycanda iqtisadiyyatın daha da şaxələndirilməsi, enerji transformasiyası, əhalinin rifahının davamlı yüksəlməsi kimi məsələlər sosial-iqtisadi inkişaf strategiyasının əsas hədəfləridir. Cənab Prezident tərəfindən uğurla davam etdirilən kadr siyasəti, peşəkar mütəxəssislərin yetişdirilməsi sahəsində görülən işlər xüsusilə qeyd edilməlidir. Minlərlə Azərbaycan gəncinin qabaqcıl xarici ali təhsil müəssisələrində təhsili ilə bağlı qəbul olunmuş dövlət proqramları ölkəmizin növbəti inkişaf mərhələsi üçün mühüm əhəmiyyət kəsb edir”.