Cənubi Koreya və ABŞ hərbçiləri iki ölkənin müttəfiqliyinin 70-ci ildönümünə həsr olunan irimiqyaslı birgə hərbi təlim keçirəcək.
"Unikal" xəbər verir ki, mayın 25-də paytaxt Seuldan 52 kilometr şimal-şərqdə yerləşən Poçen poliqonunda başlayacaq təlimlərin gedişində beş dəfə real döyüş atışları icra olunacaq. Müttəfiqlərin iyunun 15-dək davam edəcək ən iri hərbi təliminə hər iki tərəfdən xeyli sayda canlı qüvvə, ən müasir silah və hərbi texnika, o cümlədən “F-35A” qırıcıları, “AH-64 Apaçi” helikopterləri, “K2” tankları, “Çunmu” çoxnövlü raket buraxılış qurğuları cəlb ediləcək.
Qeyd edək ki, müttəfiqlərin real döyüş atışlı sonuncu təlimləri 2017-ci ildə keçirilib. Birgə təlimlər 2018-ci ildə Cənubi Koreyanın sabiq prezidenti Mun Ce-inin administrasiyasının koreyalararası yaxınlaşma siyasəti fonunda dayandırılmışdı. Yun Sok Yol Cənubi Koreyanın prezidenti seçiləndən sonra müttəfiqlərin quru, dəniz və aviasiya təlimləri bərpa olunub.
Vaşinqton ilə Seul arasında 1953-cü ildə imzalanmış müttəfiqlik müqaviləsinin ildönümünün, habelə Cənubi Koreya silahlı qüvvələrinin yaranmasının 75-ci ildönümünün birgə qeyd edilməsi üçün müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.