Pakistanın keçmiş baş naziri İmran Xanın saxlanılmasından sonra ölkədə küçə etirazları davam edir.
"Unikal" xəbər verir ki, etirazlar nəticəsində həyatını itirənlərin sayı 8-ə yüksəlib. 27 nəfərin yaralandığı bildirilir.
Təhlükəsizlik qüvvələri tərəfindən saxlanılanların sayı minə yaxınlaşıb.
Xan tərəfdarlarının nümayişləri səbəbindən ordu paytaxt İslamabada və ölkənin ən sıx əhalisi olan Pəncaba əyalətinə əlavə qüvvələr göndərib. Hayber Paxtunxva əyalətinin səlahiyyətliləri də təhlükəsizliyin təmin edilməsi üçün qoşunların göndərilməsini tələb ediblər. Məktəblər zorakılıq səbəbilə bağlanarkən, bəzi magistral yollar nəqliyyata bağlanıb.
Pakistanın daxili işlər naziri Rana Sanaullah dünənki açıqlamasında bildirib ki, Xan və həyat yoldaşı təslim olmaq xəbərdarlığına məhəl qoymadan Milli Hesabat Bürosu (NAB) tərəfindən həbs ediliblər. O, onların 7 milyon dollar dəyərində torpaq almaqda ittiham olunduğunu açıqlayıb. Sanaullah əlavə edib ki, Britaniya rəsmiləri çirkli pulların yuyulması ilə əlaqədar Pakistana 240 milyon dollar qaytarıb , lakin Xan pulu milli xəzinədə saxlamaq əvəzinə podratçıya qaytarıb.