"Ötən gün "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, Azərbaycan üç peykin ("Azerspace 1", "Azerspace 2" və "Azersky 1") hazırlanması üçün 700 milyon manat investisiya yatırıb. Hansı ki, bu xərclərin də 85%-i xarici banklardan götürülən kredit hesabına olub".
"Unikal" xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz deyib. O bildirib ki, bu haqda dəfələrlə yazarkən və çıxışlar edərkən bu investisiyanın1 milyard manat olduğunu, yəni, göydə bir milyardımızın olduğunu vurğulayıb.
"Bu rəqəmlər arasında nə üçün belə kəskin fərqlər var? Məsələ ondadır ki, "Azərkosmos" rəhbərliyi yatırılan investisiyanın məbləğini o zamankı kursla hesablayaraq açıqlayır. O zaman peyklərə çəkilən xərclər təxminən belə olub - “Azerspace-1” - 233 milyon dollar, "Azerspace 2" 191 milyon dollar və “Azersky 1” 157 milyon avro. Əlbəttə, o zamankı kursla hesablasaq, bu məbləğ təxminən 700 milyon, indiki kursla hesablasaq bu məbləğ təxminən bir milyard manat edəcək. Yəni, "göydə bir milyardımız var" dedikdə biz bunu indiki məzənnə ilə nəzərdə tuturuq.
Saməddin Əsədov ötəngünkü açıqlamasında yeni "Azersky 2" müşahidə peykimizin İsrail tərəfindən hazırlanmasını da gizlətməyib. Yeri gəlmişkən, "Azərkosmos"un, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İsrail və Türkiyə-nin kosmik qurumları ilə əməkdaşlıq səyləri də təqdirəlayiqdir".