Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir.
"Unikal" xəbər verir ki, SİMA yeni nəsil rəqəmsal imzanın maliyyə platforması tərəfdaşı “banks.az” portalı olub. Artıq vətəndaşlar “banks.az” maliyyə supermarketinin veb-saytında SİMA ilə identifikasiyadan keçərək Azərbaycanda fəaliyyət göstərən bankların kredit məhsullarını, kredit və debet kartlarını əldə etmək şərtləri ilə vahid platformada tanış olacaqlar. İstifadəçilər məhsul və xidmətlərin müqayisəli təhlili ilə tanış olduqdan sonra seçdiyi məhsul və xidmət üzrə SİMA ilə banka müraciət edə bilərlər.
Vətəndaşlar SİMA ilə identifikasiya nəticəsində “banks.az” platformasında yaradılan elektron kabinetdə bank və BOKT-lara göndərilən müraciətin statusu barədə məlumat əldə edəcəklər. Qeyd edək ki, Azərbaycanın ilk maliyyə supermarketi olan “banks.az” 2008-ci ildən fəaliyyət göstərir.
SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Vətəndaşlar üçün ödənişsiz olan rəqəmsal imzanı əldə etmək üçün SİMA mobil tətbiqini cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və “157” “AzInTelecom” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.