İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən iyunun 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

"Unikal" xəbər verir  ki, hərracda hər biri 1 lot üzrə Qəbələ rayonu “Siləyli” qum-çınqıl, “Salyan rayonu “Babazənən-I” gil, İsmayıllı rayonu “Maçaxi” qum-çınqıl və hər biri 2 lot üzrə Ağcabədi rayonu “Qarqarçay III” qum-çınqıl, İsmayıllı rayonu “Bilistan” qum-çınqıl faydalı qazıntı yataqları satışa çıxarılacaq. Ümumilikdə, hərracda 5 yataq üzrə 7 lot təqdim olunacaq.

Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı ilə Agentliyin (https://cutt.ly/CMrvQ4L) və ya Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifələrində (https://emlak.gov.az/cat/3) tanış ola bilərsiniz. 

Elanda göstərilən sənədlər 07 iyun 2023-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, 31 ünvanına təqdim edilməlidir.

Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11-də keçiriləcək.

Qeyd edək ki, hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. 

Hərraclar və digər yeniliklərlə bağlı son xəbərləri Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sosial şəbəkədə mövcud səhifələrindən də əldə edə bilərsiniz.