"Son aylar Mərkəzi Bank uçot dərəcəsini artıra-artıra gedir. Bu addımı inflyasiya ilə mücadilə etdiyini deyərək atır".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Azərbaycan reallığında uçot dərəcəsinin inflyasiyaya ciddi təsiri yoxdur:
"Bu ən çox kredit faizlərinin artmasına səbəb olur. Bank sektorunda ciddi rəqabətsizlik mühiti var. Banklar demək olar ki, eyni təkliflərlə çıxış edirlər. Rəqabətsizlik mühitinin olması, Mərkəzi Bankın da sürətlə faiz artımına getməsi ona gətirib çıxardı ki, faizlər yüksəldi. Azərbaycanda həm kommersiya, həm də istehlak kreditləri kifayət qədər yüksəkdir. Bunun yaxın vaxtlarda aşağı düşməsi isə gözlənilmir. Bank faizlərinin aşağı düşməsi üçün Mərkəzi Bank yenidən faizləri aşağı çəkməlidir.
Eyni zamanda, rəqabətli mühiti artıracaq addımlar olmalıdır. Bazara xarici böyük oyunçuların daxil olmasına imkanlar yaradılmalıdır. Ölkəmizdə birbaşa bank kapitalı ilə iştirak edən xarici banklar yoxdur ki, onlar rəqabətli mühiti gücləndirsinlər. Elə etmək lazımdır ki, Azərbaycan bazarı xarici bankların marağındadırsa, onlar burada iştirak etsinlər. Bu, bank faizlərinin ciddi şəkildə aşağı düşməsinə səbəb ola bilər".
Anar Kəlbiyev