“Gələcək baş katib iki əsas tələbi yerinə yetirməlidir: alyansın birliyini qoruyub saxlamağı bacarmalı və Vladimir Putin və alyansı təhdid edən digər avtokratlarla sərt danışa bilməlidir”

"Unikal" xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi, Kopenhagen Demokratik Sammitinin yaradıcısı danimarkalı Anders Foq Rasmussen deyib. O, bildirib ki, NATO-nun hazırkı baş katibi, norveçli Yens Stoltenberq bu ilin payızında vəzifəsini tərk etmək niyyətindədir. İndi Şimali Atlantika Alyansı ölkələri yeni lider üçün namizədlər axtarırlar. 

NATO sistemində üzv dövlətlərin liderlərinin Stoltenberqdən 2024-cü ilə qədər işini davam etdirməsini xahiş edəcəyi istisna edilmir, lakin o, bir neçə dəfə ayrılmağı üstün tutduğunu vurğulayıb.

Mümkün namizədlər arasında Böyük Britaniyanın müdafiə naziri Ben Uolles və Danimarkanın qadın baş naziri Mette Frederiksen də var.

Mətbuatda qadın namizədlər siyahısında Estoniyanın baş naziri Maia Kallas, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Kanada baş nazirinin müavini Kristia Frilandın da adı çəkilib.

Hollandiyanın baş naziri Mark Rutte və İspaniyanın baş naziri Pedro Sançes də ehtimal namizədlər hesab edilir.