Artıq yay mövsümünün başlamasına sayılı günlər qalıb. Vətəndaşların bəziləri yay tətilini xarici ölkələrdə, bəziləri isə Azərbaycanın regionlarına səfər edərək keçirirlər.
İstirahətini ölkə daxilində etmək istəyən insanları regionlardakı kirayə evlərin qiymətləri də maraqlandırır.
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı həm yay mövsümünün bağ evlərinin və mənzillərin qiymətinə təsirindən, həm də regionlardakı bağ evlərinin kirayə qiymətlərindən danışıb:
“Daşınmaz əmlak bazarında belə bir tendensiya var ki, adətən yay aylarında bağ evlərinin qiyməti qalxır. Bu, yay mövsümündə bağ evlərinin kirayəsinə tələbin artması ilə əlaqədardır. Bu il də bağ evlərinin qiymətinin artması gözləniləndir.
Artıq bağ evlərinin kirayəsi ilə bağlı müraciətlər daxil olur. Həmin evlərin kirayə qiymətlərində də artım müşahidə edilir. Qış mövsümü ilə müqayisədə 2-2,5 dəfə, bəzi ərazilərdə isə bundan da çox qiymət artımları baş verib. Bu artım təqribən avqust ayının ikinci 10 günlüyünə qədər davam edəcək. Bundan sonra qiymətlərin stabilləşməsi müşahidə olunacaq.
Mənzillərdəki vəziyyət isə bağ evləri ilə müqayisədə bir qədər fərqlidir. Belə ki, mənzillərdə qiymət artımı adətən ilin əvvəlində və sentyabr ayından sonrakı dövrdə qeydə alınır. Yay aylarında da nisbi qiymət dəyişmələri olur, lakin bu, dinamik deyil.
Müşahidələrimiz onu deməyə əsas verir ki, bu il də yay aylarında mənzillərdə nisbi qiymət artımı müşahidə olunacaq. Mənzillərin qiymətinin artması ilin sonuna qədər davam edəcək. İlin sonundan sonrakı dövrlə bağlı isə proqnoz vermək istəmirəm, çünki bu qəbul olunacaq qərarlardan, mövcud iqtisadi faktorlardan asılı olacaq", - deyə ekspert qeyd edib.
Murad İbrahimli