Prezident İlham Əliyev mayın 28-də Laçına səfəri zamanı Qarabağdakı qondarma qurumun "məmurları"nın bağışlanmasının yeganə yolunun onların təslim olmasından keçdiyini bildirib.

“Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər və hər hansı bir amnistiyadan söhbət gedə bilər”, - deyə Prezident qeyd edib.

Separatçıların yaydıqları bəyanatlardan isə belə aydın olur ki, onlar təslim olmaq niyyətində deyillər.

Məsələ ilə bağlı “Unikal”a açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov bildirib ki, Azərbaycan sülh tərəfdarıdır:

“Ölkəmiz bu proseslərdə çox səbirlidir. Azərbaycan yeni müharibə etmək niyyətində deyil. Prezident İlham Əliyev də dəfələrlə bu barədə çıxış edib, lakin Azərbaycanın da səbri hansısa bir həddə qədərdir. Dövlətimizin mövqeyi Prezident İlham Əliyevin Laçın rayonuna səfəri zamanı etdiyi çıxışında birbaşa olaraq əks edilib. Bu da sülhə dəvətdir. Bu, təhdid deyil, sadəcə izahatdır ki, separatçılar üçün başqa variant, başqa yol yoxdur. 

Əgər bunu etməyəcəklərsə, deməli onlar nəinki Azərbaycana qarşı, həmçinin dünyaya qarşı gedirlər. Ona görə ki, dünya artıq Azərbaycanın yanındadır. Mən əminəm ki, bu proses öz həllini tapacaq. Prezident İlham Əliyev də bildirib ki, separatçılar öz xoşları ilə təslim olmasalar, onların Azərbaycan ərazilərində mövcudluğuna və “təşkilatlanmalarına” imkan verilməyəcək. Bu gün dünya məhz bu problemdən, bu xəstəlikdən əziyyət çəkir. Separatçılara dəstək olan qüvvələr özləri bəlaya düçar olurlar. Necə ki, Ermənistan düçar oldu.

Əgər bizə qarşı hər hansı ciddi təhlükə yaranarsa, beynəlxalq qanunlar çərçivəsində ölkəmizin suverenliyini, ərazi bütövlüyünü qoruyacağıq", - deyə deputat qeyd edib.

Murad İbrahimli