Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Əlamətdar tarix – Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu yubiley əməkdaşlıq sahəsində əldə olunmuş nəticələrə nəzər salmaq və gələcək planları müəyyənləşdirmək üçün yaxşı imkandır.

Sizin bilavasitə dəstəyinizlə siyasi, iqtisadi və humanitar sahələrdə intensiv inkişaf edən ikitərəfli dialoqu, Minsk və Bakının beynəlxalq arenada konstruktiv qarşılıqlı fəaliyyətini qeyd etmək sevindiricidir.

Əminəm ki, çoxillik dostluq ənənələrinə və etimada əsaslanan Belarus-Azərbaycan strateji tərəfdaşlığı ölkələrimizin xalqlarının rifahı naminə ardıcıl şəkildə dərinləşəcək, yeni maraqlı təşəbbüslər və birgə layihələrlə zənginləşəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, nəzərdə tutulan planların həyata keçirilməsi yolunda tükənməz enerji, Azərbaycan sakinlərinə isə sülh və əmin-amanlıq diləyirəm”.