Siyasi partiyanın Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açmasına görə cərimələr müəyyən edilir.

"Unikal" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, qeyd olunan əmələ görə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Bununla yanaşı, "Siyasi partiyalar haqqında" qanunda müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və ya hər hansı digər əməliyyat aparılmasına görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.