Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Rabitəbank-ın 30 illiyi ilə əlaqədar bankın əməkdaşları “Heydər Əliyev İli" çərçivəsində Şəhid övladları ilə birlikdə Heydər Əliyev Mərkəzini ziyarət edib.
"Unikal" xəbər verir ki, baş tutan gəzintinin əsas məqsədi cəmiyyətimizdə hər zaman xüsusi sevgi və diqqət ayırdığımız Şəhid ailələrin övladlarına dahi şəxsiyyət Heydər Əliyevin ömür yolunu, siyasətini daha yaxşı aşılamaq və əziz xatirəsini bir daha yad etmək olub.
Rabitəbank əməkdaşı ilə birgə uşaqlar gəzinti zamanı Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar, daha sonra Mərkəzin daxilində yerləşən sərgini gəzib, Ümummilli Lider Heydər Əliyevin həyatı haqqında maraqlı faktları öyrəniblər.
Uşaqlara Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu, həmçinin müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar verilib.
Bundan başqa, gəzinti zamanı balaca ziyarətçilərə Ümummilli Liderin hərbi və mülki geyimləri, avtomobilləri, iş masası, müxtəlif illərdə təltif olunduğu ordenlər və medallar kimi dəyərli nümunələr də təqdim edilib.