Voleybol üzrə beynəlxalq dərəcəli hakim, ASAPES-in əməkdaşı Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti təyinat alıb.

"Unikal" xəbər verir ki, ədalət təmsilçimiz Serbiya və Macarıstanda 17 yaşadək qızlar arasında keçiriləcək Avropa çempionatının final mərhələsində hakimlik edəcək.

11-23 iyul tarixlərində baş tutacaq qitə birinciliyində 16 komanda mübarizə aparacaq. I qrupun oyunları Serbiyanın Vrnjaçka Banja şəhərində, II qrupun oyunları isə Macarıstanın Bekeçsaba şəhərində keçiriləcək. CEV-in təyinatına əsasən, həmyerlimiz Zaur Hacıyev II qrupun oyunlarına təyinat alıb. Bu qrupda meydan sahibləri ilə yanaşı, Belçika, Fransa, Almaniya, Yunanıstan, Rumıniya, Sloveniya və Türkiyə yığmaları yer alır. I qrupda isə Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, İtaliya, Polşa, Serbiya və Niderland komandaları yarışacaq.

Avropa birinciliyində yarımfinallar iyulun 22-də keçiriləcək. Çempionun adına isə iyulun 23-də aydınlıq gələcək.