01 iyul 2023-cü il tarixinə xarici dövlət borcu 6576,9 milyon ABŞ dolları təşkil etmiş və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 10,0 faizi həcmində olub.

“Unikal” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hesabatında deyilir. 

Bildirilir ki, hesabat dövrünə daxili dövlət borcu 4970,3 milyon manat təşkil etmiş və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 4,5 faizi həcmində olub. Daxili dövlət borcunun əsas hissəsi dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi və dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılmış dövlət istiqrazlarından ibarətdir. Hesabat dövrünə dövriyyədə olan dövlət istiqrazlarının 28,5 faizi 1 illik, 54,0 faizi 2 və 3 illik,17,5 faizi isə 5 və 7 illik dövlət istiqrazlarının payına düşür.

2023-cü il 01 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 16151,0 milyon manat və ya 2023-cü il üzrə proqnozlaşdırılan ÜDM-in 14,5 faizini təşkil edib.