Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Cənubi Osetiyadakı müharibənin 15-ci ildönümünə həsr olunmuş “Arqumentlər və faktlar” qəzetində məqalə ilə çıxış edib.

“Unikal” Rusiya mediasına istinadən xəbər verir ki, o, məqaləsində buna səbəb yaranarsa,  Abxaziya və Cənubi Osetiyanın Rusiyaya birləşdiriləcəyini yazıb. 

“2008-ci il tarixinin təkrarına ehtiyacımız yoxdur. Biz BMT Nizamnaməsi əsasında danışıqlar masası arxasında problemləri həll etməyə hazırıq. Ancaq narahatlığımızın real konturları yaranarsa, tərəddüd etməyəcəyik. Abxaziya və Cənubi Osetiyada Rusiyaya birləşmək ideyası hələ də populyardır. Bunun üçün yaxşı səbəblər olarsa, o, həyata keçirilə bilər”, - deyə Medvedev bildirib. 

O qeyd edib ki, Saakaşvilinin Osetiya ilə bağlı problemi hərbi yolla həll etmək qərarı olmasaydı, müharibə baş verməzdi.

Təhlükəsizlik Şurasının sədr müavini həmçinin qeyd edib ki, Gürcüstan sakinlərinin əksəriyyəti Rusiya ilə sülh şəraitində yaşamaq istəyir.

Məqalədə o, həm də Ukraynada, sonra isə Gürcüstanda mövcud vəziyyət arasında paralellər aparıb. Xüsusilə Medvedev hesab edir ki, Ukrayna lideri Volodimir Zelenski də Saakaşvili ilə eyni aqibətlə üzləşəcək.

Gürcüstanın Birinci kanalının məlumatına görə, Gürcüstan parlament çoxluğunun üzvü Mixail Sarjveladze qeyd edib ki, Medvedevin bəyanatı qəti şəkildə qəbuledilməzdir. Onun sözlərinə görə, Gürcüstan heç vaxt öz ərazilərinin işğalı ilə barışmayacaq və əraziləri sülh yolu ilə qaytara biləcək.

Nuranə Abbasova