İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı bütün Fələstin əhalisinin 24 saat ərzində Qəzzanın cənubuna təxliyyə edilməsi barədə BMT-ni xəbərdar edib.

"Unikal" xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik açıqlayıb. 

"Bu, təqribən 1,1 milyon insanı təmsil edir. Eyni əmr BMT-nin bütün əməkdaşlarına və məktəblər, sağlamlıq mərkəzləri və klinikalar da daxil olmaqla BMT agentliklərində yerləşən şəxslərə şamil edilib", - BMT-nin bəyanatında deyilir.

Eyni zamanda, BMT belə əhəmiyyətli bir hərəkəti dağıdıcı humanitar nəticələr olmadan qeyri-mümkün hesab edir. BMT faciənin fəlakətli vəziyyətə çevrilməməsi üçün əmri ləğv etməyi tələb edib. İsrailin BMT-dəki səfiri Gilad Erdan BMT-nin bu reaksiyasını tənqid edərək, bunu "ayıb" adlandırıb.

 "İsrailin Qəzza xalqına erkən xəbərdarlığına BMT-nin cavabı biabırçılıqdır! BMT illərdir HƏMAS-ın Qəzza zolağında mülki şəxsləri və infrastrukturu silahlandırmasına və istifadəsinə göz yumdu. BMT indi məhbusların geri qaytarılmasına, HƏMAS-ın pislənməsinə və İsrailin özünümüdafiə hüququnun dəstəklənməsinə diqqət yetirsə, daha yaxşı olar", - səfir deyib. 

Ağarza Elçinoğlu