Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi sahibkarlar üçün yeni xidmət konsepsiyası tətbiq edəcək.

"Unikal" xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov məlumat verib.

Onun sözlərinə görə, yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini həyata keçirən Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi 2023-cü ildən etibarən istismarçılarla münasibətlərin keyfiyyətcə yeni mərhələsinə başlayıb: "Bu ilin fevral ayından etibarən Dövlət Agentliyinin iki xidməti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq şəraitində KOB evində sahibkarlara təqdim edilir, istismarçılarla olan sənəd mübadiləsi tam şəffaf formada Dövlət Agentliyinin KOB evində olan pəncərəsi vasitəsilə həyata keçirilir".

“Hazırda, ümumilikdə, KOB evində nazirliyin üç tabeli qurumu tərəfindən sahibkarlara 9 xidmət təqdim olunur, xidmət portfelinin genişləndirilməsi istiqamətində işlər aparılır və bu məqsədlə KOBİA ilə əməkdaşlığımız davam edir. Eyni zamanda göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə inteqrə edilmiş yeni xidmət konsepsiyasının tətbiqi nəzərdə tutulur”, - nazirin müşaviri bildirib.