Azərbaycanda gələn il minimum əməkhaqqının 345 manat olması nəzərdə tutulur. Bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb. Xatırladaq ki, bu il də ölkədə minimum əməkhaqqı 345 manat idi. Qiymətlərin bahalaşması fonunda minimum əməkhaqqının məbləğinin dəyişməz olaraq saxlanılması vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.
Digər tərəfdən, minimum əməkhaqqının artırılmamasının vergi və Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlərə də təsiri var. Belə ki, bəzi müəssisələrdə işçinin maaşının minimum əməkhaqqına qədər olan hissəsi rəsmiləşdirilir. Yerdə qalan məbləğ isə qeyri-rəsmi olaraq işçiyə verilir. Beləliklə, sahibkar vergi və DSMF ödənişlərinin bir hissəsindən yayınır. İşçi isə rəsmi maaşı az olduğu üçün bəzi kredit imkanlarından yararlana bilmir. Bir sözlə, minimum əməkhaqqının məbləği nə qədər çox olsa, işçilər də ən azı həmin məbləğ dəyərində maaşı rəsmi olaraq ala biləcəklər, vergidən yayınma halları isəazalacaq.
Bəs görəsən, bu kimi halların qarşısını necə almaq olar?
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov minimum əməkhaqqının hər il artırılmadığını bildirib:
“Əlbəttə ki, rəsmi əməkhaqqını az yazmaq istəyən sahibkar yenə də bunu edəcək. Misal üçün, işçiyə 500 manat əməkhaqqı nəzərdə tutan sahibkar yenə də bunun bir hissəsini rəsmiləşdirəcək, qalan məbləği isə qeyri-rəsmi formada işçiyə verəcək. Bundan bir başa işçi özü şikayət etməlidir. Bu əməldə hər iki tərəfin günahı var. Bütün günahı sahibkarın üstünə atmaq düzgün deyil. Əgər işçi susursa, şikayətini bildirmirsə, deməli, onun da vergidən yayınmada əli var.
Vergidən yayınma məqsədi ilə rəsmi maaşların az göstərilməsi o demək deyil ki, minimum əməkhaqqı formal birşeydir. Mən elə insanlar tanıyıram ki, onlar həqiqətən də, elə minimum əməkhaqqı, yəni 345 manat maaş alırlar.
Digər tərəfdən, hesab edirəm ki, 345 manat minimum əməkhaqqı insanın sağlam qidalanması və yaşaması üçün azdır. Mən də istəyərəm ki, bu məbləğ çox olsun, amma indi olanımız budur", - deyə o qeyd edib.
Murad İbrahimli