Naxçıvanda bacısının qızıllarını oğurlayan qadının məhkəmə prosesi başa çatıb.
"Unikal" qafqazinfo-ya istinadən xəbər verir ki, Culfa Rayon Məhkəməsində keçirilən prosesdə Nigar Qurbanova (ad-soyad şərtidir) 1 il azadlıqdan mərhum edilib. Onun cəzası şərti hesab edilib və 6 ay sınaq müddəti təyin olunub.
Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, bacısı Gülnaz (ad şərtidir) yeni ailə həyatı qurduğundan və ilk Yeni il bayramı olduğundan yaxın qohumları ilə birgə onlara qonaq gediblər.
Yemək yedikdən sonra bacısı Gülnaz otağına keçərək paltar ütülüməyə başlayıb. Bacısı paltarı ütülədikdən sonra ütünü Nigara verərək əşyanı termonun içərisinə qoymasını xahiş edib. Nigar isə bacısının otağındakı termonu açanda orada qızıl qutusunu görüb.
Qutunu açan qadın qızılları görüb və 1 cüt sırğa, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı və 1 ədəd üzüyü cibinə qoyaraq otaqdan çıxıb, ardınca isə evə gedib.
Bir müddət sonra isə Gülnaz bacısına zəng vuraraq qızıllarını tapa bilmədiyini, ondan qızılları götürüb-götürmədiyini soruşub. Nigar isə ona qızıllardan xəbəri olmadığını bildirib.
Nigar Qurbanova bundan sonra polisə dəvət edilib, orada artıq işin üstünün açılacağını anlayıb və bacısına məxsus olan qızılları götürdüyünü etiraf edib.
Qeyd edək ki, təqsirləndirilən Nigar Qurbanova 8 aylıq hamilədir.