“Hacıqabul rayon mərkəzi xəstəxanası” PHŞ-də baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında Hacıqabul rayon prokurorluğunda araşdırma aparılıb.
"Unikal" xəbər verir ki, araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 01.01.2022-ci il tarixdən 15.06.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Publik Hüquqi Şəxsin vəzifəli şəxs(lər)i tərəfindən əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla dövlət büdcəsinə məxsus külli miqdarda vəsaitin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanılmaqla istintaq aparılır.
Hazırda iş üzrə istintaq davam edir.