Hacıqabul rayonunda fermalardan oğurluq edən dəstə üzvləri saxlanılıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust ayı ərzində rayonun Muğan qəsəbəsi ərazisində yerləşən iki fermadan oğurluq etməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğuna görə məhkum olunmuş Xalid Cavadov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi əməli etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxs iki fermadan dəmir qapılar, su çəni, dəmir borular, elektrik naqilləri və digər avadanlıqlar oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 16 000 manatdan artıq maddi ziyan vurub.
Bundan əlavə, polis əməkdaşları X.Cavadovun ətrafında apardıqları əməliyyat-istintaq hərəkətləri zamanı onun daha iki cinayət əməlinin üstünü də açıb. Məlum olub ki, həmin şəxs həmyerliləri Azad Abbasov, Əfqan Salahov, Elməddin Novruzov, Hilal İsmayılov, Asim Əmrahov və Cavid Əliyevlə qabaqcadan əlbir olaraq cari ilin sentyabr ayı ərzində Muğan qəsəbəsi ərazisində yerləşən iki fermaya qanunsuz olaraq daxil olublar. Oradan dam örtükləri, dəmir soba, su çəni, dəmir boru və barmaqlıqlar, yük avtomobilinin təkərlərini və traktor qoşqusunun hissələrini oğurlayan dəstə üzvləri zərərçəkmişlərə ümumilikdə 12 000 manat maddi ziyan vurublar.
Gizli yolla taladıqları "qənimətlərin" bir qismini Kürdəmir rayonu ərazisində yerləşən əlvan metalların qəbulu məntəqəsinə satan adları qeyd edilən şəxslər əldə etdikləri pulları öz aralarında bölüblər. Maddi sübutların bir qismi isə polis əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.