Qubadlı rayonunda silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbir zamanı rayonun Tarovlu kəndi ərazisindən 1 "Faqot", 1 qumbaraatan, 1 pulemyot, 1 avtomat, 19 qumbara, xeyli sayda patron və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb.

Faktla bağlı araşdırma aparılır.

***09:42

Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 26 ədəd patron aşkarlanaraq götürülüb.

Həmçinin, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 2 nəfər şəhər sakini qanunsuz olaraq saxladıqları odlu silahları könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

Faktlarla bağlı araşdırmalar aparılır.