Noyabrın 28-i saat 22 radələrində Zaqatala rayon sakini 1946-cı il təvəllüdlü Yaşar İbrahimovun almış olduğu kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
"Unikal" xəbər verir ki, araşdırmalarla 2002-ci il təvəllüdlü Ruslan İbrahimovun həmin gün saat 16 radələrində onunla eyni ünvanda yaşayan babası Yaşar İbrahimova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməsi və sonuncunun həmin xəsarətlər nəticəsində müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Ruslan İbrahimov iş üzrə şühhəli şəxs qismində tutulub.