İstanbulda Somali prezidenti Həsən Şeyx Mahmudun oğlu Məhəmməd Həsən Şeyx Mahmud yol qəzası keçirib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  06 CD 4581 nömrə nişanlı avtomobil eyni istiqamətdə hərəkət edən motosikleti arxadan vurub. Hadisə nəticəsində motosiklet sürücüsü Yunus Emre Göçer ağır yaralanıb.  Gənc oğlan aparıldığı xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, hadisə noyabr ayında qeydə alınıb. Hadisə yerinə gələn yol polisi qrupları heç bir görüntüyə baxmadan "motosiklet sükanın idarəetməsini itirib, daha sonra səkiyə çırpılaraq avtomobilin qarşısına yıxılıb" deyə məlumat yayıb. Qəzanın səbəbkarı olan prezident oğlu isə sərbəst buraxılıb. 

Lakin günlər sonra həqiqət üzə çıxıb. Mərhumun dostları qəzanın görüntülərini paylaşıb.  

Somali prezidentinin oğlu yenidən polis idarəsinə çağırılıb. Faktla bağlı araşdırma başladılıb. 

Gülayə Mecid