Bakıda keçirilən Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclası və FIA Prize-Giving Ceremony-Mükafatlandırma mərasimi günlərində FIA-nın yarışlarında qalib gələn avtomobillərin sərgisi olub.

"Unikal" xəbər verir ki, sərgi FIA-nın tədbirlərinin keçirildiyi məkanlardan biri - Heydər Əliyev Mərkəzinin qarşısında baş tutub.

Burada 2023-cü ildə Formula 1, Dünya Ralli Çempionatı (World Rally Championship), Dünya Ralli-Raid Çempionatı (World Rally-Raid Championship (W2RC), FIA Dünya Dözümlülük Çempionatı (FIA World Endurance Championship), Dünya Rallikross Çempionatında (World Rallycross Championship) qalib pilotların idarə etdiyi avtomobillər nümayiş etdirilib.

Avtomobil idmanı həvəskarları sərgidə bir daha həmin yarış həyəcanını yaşamaq imkanı qazanıblar. Həmin həvəskarlardan biri paytaxt sakini Rəvan Zülfiqarov hər il Azərbaycanda təşkil olunan Formula-1 yarışlarında tamaşaçı qismində iştirak etdiyini söyləyib. O, ölkədə bu kimi tədbirlərin artırılmasının arzuolunan olduğunu da vurğulayıb.

Tədbirdə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları Azərbaycanda bir araya gəliblər. Qonaqlar FIA həftəsində avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə ediblər. Ümumilikdə, Federasiyanın Bakı tədbirlərində 128 ölkədən gələn nümayəndə, klub təmsilçiləri, həmçinin onlayn şəkildə tədbirə qoşulan nümayəndələr iştirak edir.

Bakının möhtəşəm avtomobil tədbirlərinə ev sahibliyi etdiyini vurğulayan Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Fərid Məmmədov bildirib ki, paytaxtda avtomobil idmanında maraqla qarşılanan mükafatlandırma mərasimi təşkil olunacaq: “Bu avtomobilləri idarə edən qalib və yüksək səviyyəli pilotlar dekabrın 8-i reallaşacaq tədbirdə iştirak edəcəklər. Mərasimdə onlara il ərzində qazandıqları kuboklar təqdim ediləcək. Çox sevindirici haldır ki, keçən il Beynəlxalq Avtomobil Federasiyasının üzvləri bu tədbirin keçirilməsi üçün məhz Bakını seçdilər və hazırda 128 ölkənin milli federasiyalarının nümayəndələri paytaxtımızın gözəlliyi ilə yaxından tanış olurlar. Bu tədbir ölkəmizə gələn turistlərin sayının artmasına da təkan yaradacaq. Belə bir tədbirin Azərbaycanda gerçəkləşməsinin avtomobil idmanına da böyük töhfəsi olacaq”.

Fərid Məmmədov Bakı Şəhər İcra Hakimiyyətinə və Heydər Əliyev Mərkəzində bu tədbirin keçirilməsinə dəstək olduqlarına görə təşəkkür edib.

Azərbaycan Avtomobil Federasiyasının tərəfdaşlığı ilə keçirilən FIA həftəsi bu günlərdə bütün avtomobil həvəskarlarını, o cümlədən könüllüləri öz ətrafında birləşdirib.

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı və təşəbbüsü ilə son illər avtomobil idmanının inkişafı, avtomobil idmanının gənclər arasında təbliği baxımından da bir sıra layihələr həyata keçirilir, müxtəlif avtomobil idmanı yarışları təşkil olunur, avtomobil tarixinin öyrənilməsi məqsədilə avtomobil sərgiləri keçirilir, yol hərəkəti təhlükəsizliyi ilə bağlı bir sıra tədbirlər görülür, təlimlər keçirilir, bununla bağlı maarifləndirici nəşrlər hazırlanaraq yayımlanır. Azərbaycanda pilotların hazırlanması, azərbaycanlı təmsilçilərin digər ölkələrdəki yarışlarda iştirakı da avtomobil idmanının inkişafının təsdiqidir.

Xatırladaq ki, dekabrın 5-dən 8-nədək Bakı ilk dəfə olaraq Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclası və avtomobil idmanı sahəsində ən gözlənilən tədbirlərdən biri olan FIA Prize-Giving Ceremony-yə ev sahibliyi edir.