Cümə günü FİA-nın Bakıda keçirilən möhtəşəm mükafatlandırma mərasimindən sonra avtomobil idmanı üzrə 2023-cü il çempionlarının və qaliblərinin mükafatlandırılması şənbə günü də davam edib.
“Unikal” xəbər verir ki, mərasimdə FİA Rally & Circuit mükafatları təqdim olunub.
2022-ci ildə olduğu kimi, bu il də ralli yarışında müxtəlif nominasiyalarda qalib gələn pilotlar təltif ediliblər.
Mərasimdə Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti Mohammed Ben Sulayem çıxış edərək FİA həftəsinə ev sahibliyi edən Bakıya qonaqpərvərlik və yüksək təşkilati işlərə görə minnətdarlığını ifadə edib.
Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov FİA-nın Bakıdakı tədbirlərində iştirak etmək üçün Azərbaycana gələn FİA prezidentinə, FİA ailəsinə və Azərbaycan Avtomobil Federasiyasına Bakıdakı tədbirə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Sonda AAF prezidenti Anar Ələkbərova FİA prezidenti Mohammed Ben Sulayem, 2023-cü il Formula 1 çempionu Maks Ferstappen, Red Bull komandasının direktoru Kristian Horner və Red Bull komandasının pilotu Serxio Peresin imzaları ilə hədiyyə təqdim olunub.