Yurgen Klinsman Cənubi Koreya milli komandasının baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Koreya Futbol Assosiasiyasının (KFA) prezidenti Çunq Monq-kyu qurumun rəhbər heyəti ilə 2 saatlıq toplantıdan sonra keçirdiyi mətbuat konfransında açıqlayıb. Tanınmış mütəxəssisin vəzifəsindən uzaqlaşdırılmasının səbəbi Qətərdə keçirilmiş Asiya kubokunda Cənubi Koreya milli komandasının uğursuz iştirakıdır. Klinsmanın komandası yarımfinal mərhələsində reytinq cədvəlində özündən 64 pillə aşağıda olan İordaniyaya məğlub olaraq, Cənubi Koreyanın Asiya çempionu olmaq arzusunun üstündən xətt çəkib.
KFA-nın prezidenti Çunq Monq-kyu dünya çempionatının seçmə mərhələsində martın 21-də Seulda Tailand yığması ilə oyunadək Cənubi Koreya millisinə rəhbərlik edəcək şəxsin müəyyənləşdiriləcəyini də açıqlayıb.