“Artıq bütün diqqətimizi Bakıya yönəldəcəyik və oradakı oyunda ümumi hesabı bərabərləşdirmək bütün üçün son dəqiqəyə kimi mübarizə aparacağıq”.
"Unikal" xəbər verir ki, bu sözləri "Braqa"nın baş məşqçisi Artur Jorje Portuqaliya çempionatının XXII turunda "Farense" klubuna 2:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bu matçdakı qalibiyyətin UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la keçiriləcək cavab oyunu öncəsi komandanın inam və motivasiya səviyyəsini artırmaq baxımından vacib olduğunu bildirib: "Biz yenidən ölkə çempionatında qələbə qazandıq. Bu, oyunçuların əhval-ruhiyyəsini yüksəltmək üçün olduqca əhəmiyyətli idi. Əsas heyətdə meydana çıxan futbolçuları xüsusilə seçmişdim. Həmin oyunçular uğur qazanmağımızda bizə yardımçı oldular”.
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.