Deputat Malik Həsənovun bacısına qarşı 2 milyon manat dələduzluq edən "falçılar" kassasiya şikayəti veriblər.
“Unikal”ın məlumatına görə, Zeynallı Ceyhun Şahin oğlu və İsmiyeva Şəfəq Müslüm qızının məhkəmə prosesi fevral ayının 28-də Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək. Qeyd edək ki, məhkəmə prosesi 2 dəfə təxirə salınıb. Cinayət işində zərərçəkmiş qismində Ağarzayev Sənan Məhərrəm oğlu və Ağarzayeva Rəna Əvəz qızı tanınıb.
Xatırladaq ki, Rəna Ağarzayeva 67 saylı Cəlilabad şəhər seçki dairəsinin deputatı Həsənov Malik Əvəz oğlunun bacısıdır.
Qeyd edək ki, 2020-ci ilin fevral ayında 31 yaşlı Ceyhun Şahin oğlu Zeynallı və onun qısa müddət həyat yoldaşı olmuş İsmiyeva Şəfəq Müslüm qızı barəsində vətəndaş, 1976-cı il təvəllüdlü Rəna Əvəz qızı Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb. İttiham aktına görə, İsmiyeva Şəfəq Müslüm qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli-miqdarda əmlakını ələ keçirmək məqsədilə Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqəsinə girib və 2017-ci ilin əvvəllərində "İnstagram” sosial şəbəkəsində "baxıcı” adlı səhifə açıb.
O, özünü “Maya”, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcı kimi təqdim edib. Sonra Şəfəq İsmiyeva Rəna Ağarzayevaya yalan vəd verməklə aldadaraq 2017-ci ilin ortalarından 2020-ci ilin əvvəllərinə kimi 1 milyon 998 min manat pul alıb. Sonradan dəymiş ziyanın yalnız 293 min manatı geri qaytarılıb.
2022-ci il fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda Şəfəq İsmiyeva 10 il, Ceyhun Zeynallı isə 11 il azadlıqdan məhrum edilib.
Azər İsrafilov