Ukrayna Hərbi Hava Qüvvələri Azov dənizi üzərində Rusiyaya məxsus daha bir A-50 hərbi təyyarəsini vurub.

"Unikal" xəbər verir ki, Ukraynanın hərbi kəşfiyyat idarəsi təyyarənin Hərbi Hava Qüvvələri ilə birgə əməliyyat nəticəsində vurulduğunu təsdiqləyib. Açıqlamada bildirilir ki, təyyarənin vurulması Rusiyanın hərbi imkanlarına “daha bir ciddi zərbədir”.

Rusiyanın dövlət xəbər agentliyi “Krasnodar diyarının Kanevskoy rayonunda naməlum təyyarənin qəzaya uğradığını” bildirib. Kanevskoy rayonu Azov dənizinin sahilində, Ukraynanın cəbhə xəttindən 200 kilometr məsafədə yerləşir.Hərbi kəşfiyyat təyyarənin Kanevskoy rayonundan təxminən 50 kilometr şimalda Rusiya hərbi aerodromunun yerləşdiyi Yeysk şəhəri yaxınlığında vurulduğunu bildirib.

Qeyd edək ki, Ukrayna Hərbi Hava Qüvvələri bundan əvvəl yanvarın 14-də Azov dənizi üzərində Rusiyaya məxsus A-50 hərbi təyyarəsini vurmuşdu.

A-50 təyyarəsi olduqca nadir hava vasitəsidir. İl-76 nəqliyyat təyyarəsi əsasında yaradılan platforma Rusiyanın havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsi kimi xidmət edir. Təyyarə uzaq mənzilli hava hədəflərini aşkar edə, qanadlı və ballistik raketlərin buraxılışını, hava hücumundan müdafiə əməliyyatlarını izləyə və qeydə ala bilər.

Azı 350 milyon dollar dəyərində olan bu təyyarələr Rusiyada çox məhdud sayda – cəmi 9 ədəd idi. Daha bir A-50 ötən ilin fevralında Belarusun Maçulişşi aerodromunda ukraynalı diversantlar tərəfindən sıradan çıxarılmışdı.