ABŞ səfirliyinin əməkdaşları Türkiyənin biznes və maliyyə qurumlarına baş çəkərək, onları Rusiya ilə əməkdaşlıq etdikləri üçün hədələyiblər.

"Unikal" xəbər verir ki,  bu barədə məlumatı "Aydınlık" qəzeti dərc edib. 

Məqalənin müəllifi Yusuf Tuncerin sözlərinə görə, Türkiyə anti-Rusiya sanksiyalarına BMT-nin ayrıca qətnaməsi olmadığı üçün qoşulmur. Müəllifin fikrincə, türk firmalarının kənardan tətbiq edilən məhdudiyyətlərə “əyilmələri” üçün ABŞ diplomatları onlara təzyiq göstərir, onları sanksiyalar siyahısına salmaqla hədələyir.

Tuncer yazır: “"Aydınlığ"ın əlaqə saxladığı şirkət nümayəndələri Amerika rəsmilərinin onları ziyarət etməklə və ya birbaşa ABŞ səfirliyinin binalarına dəvət etməklə hədələdiyini bildirdilər”.

Nəşrin məlumatına görə, türk iş adamlarına təhdidlərlə gələn diplomatlardan biri də ABŞ-nin İstanbuldakı Baş Konsulluğunun ixraca nəzarət üzrə mütəxəssisi Gülin Kan Yükselandır.

Xatırladaq ki, cümə günü, fevralın 23-də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilib. Beləliklə, Aİ 13-cü paketi qəbul edib. Buraya Rusiyanın 194 fiziki və hüquqi şəxsi daxildir. ABŞ Rusiya Federasiyasındakı 300 vətəndaş və müəssisəni sanksiya siyahısına, Kanada isə 162 vətəndaşı əlavə edib.

Gülayə Mecid