Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
"Unikal"ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində avtomobil alqı-satqısı ilə məşğul olan Ramin Səfərəliyev şahid qismində ifadə verib.
Maşın alqı-satqısı ilə məşğul olan şahid, Rəşad Məlikzadənin ondan 4-5 avtomobil aldığını bildirdi:
"Rəşadı əvvəldən tanıyıram. Bizim salondan bir neçə dəfə avtomobil alıb, münasibət yaranıb. Rəşad özü üçün əvvəl "Mercedes", daha sonra isə "Land Rover Discovery" markalı avtomobil almışdı. 2019-cu il idi, Rəşad mənə zəng elədi. Həmin vaxt mən Almaniyada idim. Artıq maşın alıb, Bakıya gəlirdim. Dedi ki, bizim rəisə maşın lazımdır. Dedim ki, yoldayam "Land Rover" gətirirəm. Rəşad həmin maşını rəis üçün almaq istədiklərini bildirdilər. Bakıya çatandan sonra Müdafiə Nazirliyinin qarşısına gəldim. Nazirliyin qarşısında Rəşad, rəis dediyi şəxs və bir neçə adam avtomobilə baxdılar. Dizel mühərrikli avtomobil idi. 40 min dollara maşını razılaşdırdıq. Onsuz mən Rəşada da demişdim ki, avtomobili 40 min dollardan aşağı verməyəcəm. Həmin vaxt onlar maşını gömrüyə apardılar. Çünki maşın gömrük rəsmləşməsindən keçməmişdi. Bunlar maşını götürüb getdi, rəsmləşdirdilər. Sonra rəisin köməkçisi dediyi şəxs pulu gətirib verdi".
Hakimin suallları cavablandıran şəxs avtomobili alan şəxsi tanımadığını deyib:
"Mən orda bir Rəşadı tanıyıram. Maşını alan şəxs 50-55 yaşında idi. Üstündən çox vaxt keçib deyə, bir çox şeyi xatırlamıram. İstintaqa verdiyim ifadəni təsdiqləyirəm".
Xatırladaq ki, ötən prosesdə Rəşad Məlikzadə Maliyyə və Büdcə İdarəsinin Təftiş Şöbəsinin rəisi, polkovnik Rafael Xələfova "Land Rover Discover" markalı avtomobil onun tərəfindən alındığını və 72 min manat pul verdiyini bildirib.
Hakim qeyd edib ki, bu iş üzrə dindirilməyən 3 şahid qalıb. Onlar Maliyyə Büdcə İdarəsinin sabiq rəisi , general-mayor Nizami Məmmədov, Təftiş Şöbəsinin sabiq rəisi Rafael Xələfov və Maliyyələşmə şöbəsinin sabiq rəisi Nəriman Cabbarov qalıb. Onlardan Nizami Məmmədov və Rafael Xələfov barəsində cinayət işi var.
Hər üç şahid gələn proses məhkəməyə çağırılacaq.
Proses martın 13-də davam edəcək.
Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə DTX tərəfindən saxlanılmış və barəsində Bakı Hərbi məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Azər İsrafilov