“Bayer” Avropanın ən yaxşı komandalarından biridir”.
"Unikal" xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” komandasına rəqib olmaları barədə “Anadolu” agentliyinə açıqlamasında deyib.
Turnirin qrup mərhələsində Bundesliqa təmsilçisi ilə qarşılaşdıqlarını xatırladan 52 yaşlı mütəxəssis artıq rəqibi yaxından tanıdıqlarını bildirib: “Bu cür səviyyəli komandaların Azərbaycana gəlməsi futbolumuza böyük fayda verəcək. Güclü rəqiblə düşsək də, püşkdən razıyıq. Yenidən böyük komanda ilə oynayacağıq, futbolçularım möhtəşəm futbolu, sürəti və dinamikanı hiss edəcəklər. Azarkeşlərimiz də matçdan həzz alacaqlar. Məğlub ola bilərik, amma meydanı döyüşmədən tərk etmək olmaz”.
Qeyd edək ki, “Qarabağ” “Bayer”ə qarşı ilk oyununu martın 7-də Bakıda, cavab matçını isə 1 həftə sonra Leverkuzendə keçirəcək.