"ERBİ-H" Məhdud Məsuliyyətli Cəmiyyəti (keçmiş adı ilə “Güllübulaq”) keçmiş ortaqları ilə aralarında olan müqavilənin etibarsız hesab edilməsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib.

“Unikal”ın əldə etdiyi məlumata görə, hakim Mehriban Əfəndizadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində cavabdeh qismində Adıgözəlov Fizuli Qəşəm oğlu, Adıgözəlova Safurə Əli qızı və Bakı 16 saylı Mediasiya təşkilatı tanınıb. 

Xatırladaq ki, «ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyəti (keçmiş adı ilə “Güllübulaq”) 2006-cı ildən təsis edilib. Təsis olunan zaman Cəmiyyətin təsisçilərindən biri də Fizuli Adıgözəlov olub. Sonra məhkəmənin qərarına əsasən Fizuli Adıgözəlovun Cəmiyyətdə iştirakına xitam verilib. 2006-cı ildən 2017-ci ilin oktyabr ayınadək olan dövrdə Cəmiyyətin idarə edilməsi təsisçilərin qərarına əsasən Fizuli Adıgözəlova və onun qardaşı oğlu Famil Adıgözəlova həvalə edilib.

Fizuli Adıgözəlovun Cəmiyyətdə iştirakına xitam verildiyi tarixədək olan dövrdə Cəmiyyətdə pay bölgüsü 50% türk vətəndaşı Nurəddin Cengizə, 25% Azərbaycan vətəndaşı Dilbər Eyyubovaya, 25% isə Fizuli Adgözəlova məxsus olub.

«ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyətində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin müvafiq qərarına əsasən, 2011-2015-ci illəri əhatə edən dövr üzrə vergi və digər icbari ödənişlərin vəziyyəti də yoxlanılıb. Yoxlamanın nəticələrini əks etdirən 18.03.2020-ci il tarixli səyyar vergi yoxlaması aktına və akt əsasında qəbul edilmiş 19.03.2020-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarına əsasən Fizuli Adıgözəlovun faktiki rəhbərliyi dövründə 8 395 677,75 (səkkiz milyon üç yüz doxsan beş min altı yüz yetmiş yeddi manat 75 qəpik) vergidən yayınma, həmin vergidən yayınma ilə bərabər 2713745,80 (iki milyon yeddi yüz on üç min yeddi yüz qırx beş manat 80 qəpik) manat maliyyə sanksiyası tətbiqi öz təsdiqini tapıb.

Yuxarıda qeyd edilənlərdən də görünür ki, Adıgözəlov Fizuli Qəşəm oğlu «ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə (vergidən yayınma da daxil olmaqla) 18.442.940,60 (On səkkiz milyon dörd yüz qırx iki min doqquz yüz qırx manat 60 qəpik) manat zərər vurub.

Xatırladaq ki, sadalanan məlumatları mətbuata «ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Əziz Qənbərov verib. 

Onuda qeyd edək ki, Dilbər Eyyubova 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi olan Şahin Eyyubovun ailə üzvüdür. 

Azər İsrafilov