"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
"Unikal" xəbər verir ki, 51 yaşlı mütəxəssis 3:1 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Bir az narahatlığım var idi. Bəzi oyunçular oyun ritmindən uzaq idilər. Meydanda hardasa hiss olundu. Bir az boşluqlarımız oldu. "Zirə" həmin fürsətlərdən istifadə edə bilmədi. Ümumən maraqlı oyun oldu və vacib 3 xal qazandıq.
Kevin Medina yenidən yaşıl meydanlara döndüyü üçün sevinirik. Amma ağır idi. Öz optimal formasını qaytarmaq üçün bir az vaxt lazım olacaq. "Bayer"lə oyunda hansısa dəqiqələrdə lazım olsa, biləcəyik ki, Kevin var, istənilən an meydana çıxa bilər. Bu, bizim üçün üstünlükdür.
Benzya ilə bağlı hər şey normaldır. Juninyonun durumu isə düşündüyümüzdən daha yaxşıdır. Hələ qarşıda günlər var. Əsas heyətdə olmasa da, sonradan meydana girmək şansı var.
Elvin və Julio Romaonun qayıtması üstünlükdür. Orada daha intizamlı olmalıyıq. Rəqib öz azarkeşlərinin önündə oynayır. Leverkuzendə temp buradakından daha yüksək olacaq. Buna dözməliyik. Sabahdan başlayaraq həmin oyuna hazırlaşacağıq. Futbolçular çox yorulub. Onların durumuna görə heyət quracağıq”.